Dövlət İmtahan Mərkəzi fənlər və siniflər üçün “Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” adlı vəsaitləri çap etmişdir
“Abituriyent” jurnalının xüsusi buraxılışları olan bu vəsaitlərin 2017-ci ildə təkmilləşdirilmiş nəşrlər toplusuna aşağıdakılar daxildir:
– “Azərbaycan dili” V-IX siniflər
– “Ümumi tarix” VI-IX siniflər
– “Fizika” VI-IX siniflər
– “Biologiya” VI-IX siniflər
– “İngilis dili” V-IX siniflər
– “Coğrafiya” VI-IX siniflər
– “Azərbaycan tarixi” VI-IX siniflər
– “Riyaziyyat” V-IX siniflər
– “Kimya” VII-IX siniflər
Qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib olunmuş bu vəsaitlər orta məktəb şagirdləri, abituriyentlər və müəllimlər üçün etibarlı mənbədir.
Vəsaitlər Dövlət İmtahan Mərkəzinin “Metodika və dərsliklərin monitorinqi” şöbəsi tərəfindən hazırlanmış, onların monitorinqi aparılmış, dərsliklərlə tutuşdurulmuş və nəşrə tövsiyə olunmuşdur.
Vəsaitlər 2 hissədən ibarətdir: I hissədə yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları, II hissədə isə qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları dərc edilib.
Vəsaitlərdəki tapşırıqlar yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları yaradır. Qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən test tapşırıqları ilə yanaşı, diaqramlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər, situasiya tapşırıqlarından istifadə olunmuşdur.
Həmçinin “Azərbaycan dili” və “Riyaziyyat” fənləri üzrə 9-cu sinif kitablarında ümumi (9-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün tapşırıq nümunələri və qiymətləndirmə meyarları da verilmişdir.
Nəzərinizə çatdırırıq ki, müəllif heyəti artıq X sinif üçün qiymətləndirmə tapşırıqları üzərində işləməyə başlayıb və yaxın günlərdə həmin vəsaitlər də nəşr ediləcəkdir.
Kitabları aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.